9 aya 75 hərbçi həlak olub
Ölənlərin 68 nəfəri Müdafiə Nazirliyinin qulluqçularıdır
4 Oktyabr 2012 11:37 Kriminal. "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi 2012-ci ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri barədə növbəti monitorinqin nəticələrini açıqlayıb. Bu barədə "OLAYLAR"a mərkəzdən məlumat verilib. Məliumata görə, təşkilatın kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2012-ci ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 75 nəfər təşkil edib. Ötən müddətdə 70 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə dünyalarını dəyişənlərin 15-i döyüş (15 nəfər erməni gülləsi), 2-si mina, 1-i əməliyyat, 57-i isə qeyri-döyüş itkiləridir.7 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma, elektrik cərəyanı vurma, üzərinə beton düşmə, suda boğulma, yıxılma), 11 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 8 nəfər ehtiyatsızlıqdan, 9 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 9 nəfər xəstəlikdən dünyasını dəyişib. 12 nəfər intihar edib. Dünyasını dəyişənlərin 68-i Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 2-i Daxili Qoşunların, 1-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alan 70 nəfərin 13-ü qeyri-nizamnamə hadisələrindən, o cümlədən ehtiyatsızlıqdan, 13-ü erməni gülləsindən, 6 nəfər mina partlayışından, 1-i xəstəlikdən, 7-si bədbəxt hadisədən (donvurma, qonşusunun bıçaq yarası, üzərinə beton düşmə, əqrəb sancma), 3-ü əməliyyat tədbirlərindən, 27-i isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 65 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu (o cümlədən 2 nəfər Ali Hərbi Məktəbin kursantı), 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusu, 1 nəfərsə FHN Akademiyasının müdavimidir.