3 beşbarmaq və 1 ədəd dəyənək tapılıb
1 Sentyabr 2015 16:15 KriminalÖlkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına, eləcə də mülki dövriyyəsi qadağan edilən soyuq silahların respublikamıza gətirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər. Lent.az Gömrük Komitəsinin saytın istinadən xəbər verir ki,son günlər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən bu kimi bir neçə fakt aşkarlanıb. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində, ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikasına İstanbul-Bakı və Antalya-Bakı aviareyslərilə gələn Azərbaycan vətəndaşlarından metaldan hazırlanmış, ümumilikdə 4 ədəd soyuq silah - 3 ədəd "beşbarmaq" və 1 ədəd dəyənək aşkar edilərək götürülüb.
Ümumilikdə 4 belə fakt aşkar edilmişdir və bütün faktlarla bağlı təhqiqat aparılır.
Xatırladaq ki, əvvəllər də Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən bu cür hüquqpozma hallarının qarşısı qətiyyətlə alınmış və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən soyuq silah hesab edilən bu qəbildən olan əşyaların ölkə ərazisinə gətirilməsinin qadağan olunması barədə kütləvi informasiya vasitələrilə ictimaiyyətə ətraflı məlumat verilib. Dövlət Gömrük Komitəsi səlahiyyətli ekspert rəyinə istinadən bir daha xəbərdarlıq edir ki, əsasən kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik və təyinatı üzrə istifadəyə yararlı bu "beşbarmaq" və dəyənəklər, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən və mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silah hesab olunur və bununla əlaqədar digər məsuliyyət növlərilə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulub.