Xədicə İsmayılova "son söz" üçün vaxt istədi
26 Avqust 2015 15:12 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tural Mustafayevi intihar həddinə çatdırmaqda, mənimsəmədə, vergidən yayınmaqda və digər cinayətlərdə ittiham olunan "AzadlıqRadiosu"nun əməkdaşı Xədicə İsmayılovanın barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi davam edib. Məhkəmə Ramella Allahverdiyeva (sədr), Tamilla Nəsrullayeva və Novruz Kərimovdan ibarət tərkibdə, dövlət ittihamçısı Ramazan Hadıyevin iştirakı ilə keçirilib.
Prosesdə təqsirləndirilən şəxs Xədicə İsmayılovanın müdafiəçiləri Fariz Namazlı, Fəxrəddin Mehdiyev, zərərçəkmiş şəxs Tural Mustafayevin nümayəndəsi Səfər Hüseynov iştirak ediblər.
Təqsirləndirilən şəxs və onun müdafiəçiləri vəsatət verərək X.İsmayılovaya qarşı irəli sürülmüş ittihamların qondarma və saxta olmasını təsdiq etmək məqsədi ilə Esmira Cavadova və Şahvələd Namazovla "AzadlıqRadiosu"nun Azarbaycandakı nümayəndəliyi arasında bağlanmış müqavilələrin, Azərbaycan Mili Televiziya və Radio Şurasının bəzi aktlarının, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin 14 may 2015-ci il tarixli məktubunun və həmin nazirliyin Radio və Televiziya yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin 23 iyun 2015-ci il tarixli məktubunun iş materiallarına əlavə edilərək tədqiq olunması üçün məhkəmə istintaqının təzələnməsini xahiş edib. Dövlət ittihamçısı vəsatətin əsassız olması ilə əlaqədar təmin edilməsinin rədd edilməsini məhkəməyə təklif edib. Məhkəmə tərəfindən dövlət ittihamçısının təklifinə uyğun qərar qəbul edilib.
Bundan sonra, təqsirləndirilən şəxsin müdafiəçiləri məhkəmədə müdafiə nitqi söyləyərək Xədicə İsmayılovaya qarşı irəli sürülmüş ittihamlar üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların saxta olmasını, X.İsmayılovanın həmin cinayətlərin xüsusi subyekti (maddi məsul şəxs) olmadığını, jurnalistlərlə xidməti müqavilələrinin X.İsmayılova tərəfindən bağlanmadığını, heç kəsin əmlakını talamadığını, vergi verməkdən yayınmadığını və qanunsuz sahibkarlıqla məşğul olmadığını bildiriblər.
Bundan sonra, dövlət ittihamçısı replika ilə çıxış edərək müdafiə tərəfinin dəlillərini təkzib edib.
Məhkəmə qanunvericiliyin tələbinə uyğun olaraq təqsirləndirilən şəxs Xədicə İsmayılovaya son söz verilib. O, son sözə hazırlaşmaq üçün bir həftə vaxt verilməsini və bu məqsədlə məhkəmə iclas protokolu ilə tanış olması üçün ona şərait yaradılmasını xahiş edib. Sia.az