Prokuror Sumqayıtın hərbi komissarına 12 il cəza istədi

Bakı Hərbi Məhkəməsində Sumqayıtın sabiq hərbi komissarı Samir Məmmədov və komissarlığın digər əməkdaşlarının işi üzrə məhkəmə prosesi keçirilib. "OLAYLAR"ın məlumatına görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı  çıxış edib. Prokuror sabiq hərbi komissar, polkovnik-leytenant Samir Məmmədovun 12, komissarlığın 2-ci bölməsinin rəisi, polkovnik-leytenant Fəxrəddin Əliyevin 6, hərbi həkim komissiyasının sədri Mirnazir Muxtarov və 2-ci bölmənin rəis köməkçisi vəzifəsini müvəqqəti icra etmiş Azər Xalıqovun hər birinin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxslərin vəkilləri çıxışa hazır olmadıqları üçün proses oktyabrın 16-dək təxirə salınıb.

Xatırladaq ki,təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin rüşvət alma (311.3.1, 311.3.2, 311.3.3-cü), vəzifə saxtakarlığı (313-cü), hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etmə (341.2.1-ci) maddələri ilə ittiham olunurlar və onlar ötən il həbs olunublar.

İttihama görə, hərbi komissar işlədiyi müddətdə rüşvət alaraq bir qrup çağırışçıya hərbi xidmətə çağırışdan möhlət verilməsi və TQDK-ya təqdim etmək barədə arayış verib, bəzi çağırışçıların hərbi xidmətə yararsız hesab edilməsi, hərbi xidmətə yararsız olan çağırışçıların hərbi xidmətə göndərilməsi barədə qanunsuz qərarlar qəbul edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31