"Karat MMC"nin icracı direktoruna 12 il həbs cəzası verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Rövşən Hacızadənin və Qərib Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə  R.Hacızadə 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Qərib Məmmədovun barəsində 8 il şərti cəza təyin edib. İttihama görə, "Karat" MTK-nın icraçı direktoru Rövşən Hacızadə tanışı Qərib Əmiraslanovla qabaqcadan əlbir olaraq tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər. Onlar MTK-nın Bakı şəhərində inşa etdiyi çoxmərtəbəli yaşayış binasında əvvəllər ayrı-ayrı şəxslərə satılmış 5 mənzili və 4 avtodayanacaq yerlərini təkrarən başqa şəxslərə satmaqla 1 milyon 112 min manat məbləğində pulu mənimsəyiblər. Rövşən Hacızadə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313 (vəzifə saxtakarlığı), Qərib Əmiraslanov isə 178.3.2-ci maddəsi ilə ittiham olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31