Xədicə İsmayılovanın məhkəməsi şahid ifadələri ilə davam etdirilib
11 Avqust 2015 20:11 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib. APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Xədicə İsmayılova Bakı şəhər Prokurorluğu tərəfindən onunla bağlı Milli Təhlükəsizlik Nazirliyinə (MTN) ünvanlanan məktubun surətinin ona verilməsi ilə bağlı vəsatət qaldırıb. X. İsmayılova eyni zamanda ona cinayət işi materialları ilə tanışlıq üçün vaxt məhdudiyyəti qoyulduğunu, sənədlərin hamısının ona verilmədiyini deyib. Daha sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra vəsatətin təmin olunmadığı açıqlanıb. Hakim bildirib ki, X. İsmayılovaya hər hansı vaxt məhdudiyyəti qoyulmayıb, bütün sənədlərlə tanış olmaq imkanı yaradılıb. Proses şahidlərin ifadəsi ilə davam etdirilib. Cinayət işində zərərçəkən kimi tanınan Tural Mustafayevin keçmiş qayınanası Fərqanə Rəsulova ifadə verib. F. Rəsulova deyib ki, keçmiş kürəkəni ilə qızı arasında problem olmayıb, Tural Bakıya gələndən sonra dəyişib və qızını ondan boşanmağa məcbur edib: "Biz bilirdik onun həyatında Rövşanə adlı qadın var". Onun ibtidai istintaqa verdiyi ifadə ilə indi verdiyi ifadə arasında ziddiyyət olduğu bildirilib və ilkin ifadəsi açıqlanıb. Həmin ifadədə F. Rəsulova Turalın həyatında Xədicə İsmayılova adlı qadının olduğunu açıqlayıb. Prokuror ona ibtidai istintaqa ifadəsində "Tural "Azadlıq" radiosunda işləməyə başlayandan sonra ailəsinə qarşı münasibəti dəyişib" dediyini xatırladıb. F. Rəsulova həmin ifadəni təsdiqlədiyini deyib. Daha sonra Tural Mustafayevin keçmiş nişanlısı Rövşanə Rəhimovanın anası Zemfira Əliyeva ifadəsində Tural Mustafayevin içkiyə qurşandığını, qızını bir neçə dəfə ölümlə hədələdiyini deyib. "Azadlıq" radiosunun əməkdaşı Esmira Cavadova ifadəsində radioda müqavilə əsasında çalışdığını, bununla bağlı radionun Azərbaycan xidmətinin rəhbəri Kənan Əliyevlə müqavilə bağladığını bildirib. Prokuror isə ona ibtidai istintaqa ifadəsində bu müqaviləni X. İsmayılova ilə bağladığını dediyini xatırladıb. Jurnalist Fərəh Əliyeva da ifadəsində "Azadlıq" radiosunda jurnalist-prodüser kimi çalışdığını, bunun üçün "İnternyus" təşkilatı ilə müqavilə bağladığını deyib. Daha sonra prosesdə Tural Mustafayevin dostu, "Meydan" TV-nin əməkdaşı Cavid Abdullayev ifadə verib. C. Abdullayev X. İsmayılovanın vəkili Cavad Cavadlının suallarına cavab olaraq deyib ki, çox güman ki, Tural nişanlısı Rövşanə ilə dalaşdıqları üçün intihara cəhd edib. Bundan sonra ibtidai istintaqa verdiyi ifadə elan olunub və indiki ifadə ilə ziddiyyət təşkil etdiyi açıqlanıb. Bildirilib ki, C. Abdullayev ibtidai istintaqda Turalın ona Xədicəyə görə intihara cəhd etdiyini, ona görə içkiyə qurşandığını dediyini açıqlayıb: "Mənə deyirdi ki, Xədicə onu hörmətdən salmaq üçün adamlar arasında şayiələr yayıb". C. Abdullayev suallara cavab olaraq ibtidai istintaqda təzyiqə məruz qalmadığını da deyib və eyni zamanda ibtidai istintaqa verdiyi ifadəni təsdiq etmədiyini bildirib. Proses sabah davam etdiriləcək.