AFFA jurnalistin ölümü ilə bağlı bəyanat verdi
10 Avqust 2015 17:28 KriminalAFFA jurnalist Rasim Əliyevin ölümü ilə bağlı bəyanatla çıxış edib. Azadinform xəbər verir ki, bəyanatda deyilir:
"2015-ci il avqustun 8-də Bakı şəhərində şəxsiyyəti hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilməkdə olan bir qrup şəxs tərəfindən jurnalist Rasim Əliyev fiziki təzyiqə məruz qalaraq ağır bədən xəsarətləri almış, avqustun 9-da səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat etmişdir.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası mətbuat nümayəndəsinə qarşı yol verilmiş zorakılığı ölkə futbol ictimaiyyəti adından kəskin şəkildə pisləyir.
AFFA hüquq-mühafizə orqanları tərəfindən hadisənin günahkarlarının ən qısa zamanda müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacağına inanır, mərhum jurnalistin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir".
Xatırladaq ki, jurnalist Rasim Əliyev "Facebook"-da "Qəbələ"nin futbolçusu Cavid Hüseynov haqqında bölüşdüyü fikirlərdən sonra bir qrup şəxs tərəfindən döyülərək öldürülüb.