Xədicə İsmayılovanın məhkəməsində şahidlər ifadə verməyə başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi nahar fasiləsindən sonra davam etdirilib. APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə məhkəmə heyətinin vəkillərin məhkəmə tərkibinə etirazı ilə bağlı qərarı elan edilib. Qərara əsasən, etiraz əsaslandırılmadığı üçün baxılmamış saxlanılıb. Xədicə İsmayılova prosesdə səs-küy salaraq, "AzadlıqRadiosu" və "Azadlıq" qəzeti əməkdaşlarının prosesdə iştirakının təmin olunmayacağı təqdirdə ifadə verməyəcəyini deyib. Növbəti prosesdə bunun nəzərə alınmasını istəyib. Hakim məsələnin nəzərə alınacağını deyib. Sonra şahid ifadələri dinlənilib. Jurnalist Aynur İmranova "AzadlıqRadiosu" ilə əlaqəsi olmadığını, Xədicə İsmayılovanın verilişlərinə qonaq qismində qatıldığını deyib. Sonralar radioda işə düzəlmək üçün X. İsmayılovaya müraciət etdiyini deyən jurnalist "Xədicə mənə belə bir səlahiyyətinin olmadığını bildirdi"  deyə əlavə edib. O, X. İsmayılova ilə münasibətlərinin şəxsi zəmində pozulduğunu deyib və səbəbini açıqlamaqdan imtina edib: "Tural Mustafayevi 2013-cü ildə Xədicə vasitəsiylə tanımışam. Tural nişanlısı Rövşanə ilə ayrılandan da 3 dəfə intihara cəhd edib. Bunu mənə Rövşanə deyib. O, nişanlı olanda Rövşanəni dəfələrlə döyüb. Çalışırdım ki, Turalı Rövşanənin həyatından çıxarım. Turalla Xədicənin arasında yaxın münasibət olması barədə mətbuatdan xəbər tutmuşam. Turalı isə psixoloji problemi olan biri kimi tanıyıram". Dövlət ittihamçısı isə şahidin ifadəsinin ibtidai istintaqa verdiyi ifadə ilə ziddiyyət təşkil etdiyini bildirib. "AzadlıqRadiosu"nun Bakı bürosunun X. İsmayılovadan sonra rəhbəri olmuş Babək Bəkirov şahid ifadəsində radio ilə 1997-ci ildən əməkdaşlıq etdiyini, 2005-ci ildə isə daimi çalışmağa başladığını deyib: "2010-cu ildən 2014-cü ilin mayınadək isə koordinator - rəhbər əvəzi kimi işləmişəm. Turalı 2013-cü ildən tanıyıram. Radionun Şirvan bürosunda işləmək üçün müraciət etdi, onu işə götürdük. Az sonra getmək istədiyini dedi və bunu yorulması ilə izah etdi. "Meydan" TV-də işə düzəldi, az keçmiş radioya qayıtmaq istədi. Həmin vaxt isə radionun əməkdaşa ehtiyacı yox idi". Digər şahid ifadələri dinlənildikdən sonra növbəti proses avqustun 10-a təyin edilib.


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31