Zabratda döyülən qadın hamilə imiş

Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğu Bakının Zabrat qəsəbəsində döyülmə faktı ilə bağlı daha bir məlumat yayıblar. Trend-ə daxil olan birgə məlumatda qeyd olunur ki, Sabunçu rayonu, Zabrat qəsəbə sakini Aliyə Mansurovanın həmin ünvanda qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək bədən xəsarətləri alması, eləcə də ütü vasitəsi ilə əlini yandırması faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilməklə kifayət qədər əsaslar olduğundan cinayət əməli Cinayət Məcəlləsinin 133.2.2-ci (əzab vermə aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə) maddəsinə tövsif edilib.

Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən R.Mehtiyev tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31