Baş Prokuror “Binə”dəki zəhərlənmədən danışdı
Zakir Qaralov: “Zəhərlənməyə səbəb ticarət obyektində 45 generatorun işləməsi və havalandırma sisteminin olmamasıdır”
1 Oktyabr 2012 13:24 KriminalSentyabrın 16-da Bakıda "Binə" Ticarət Mərkəzində elektrik təminatının pozulması nəticəsində baş vermiş zəhərlənməyə səbəb ticarət obyektində 45 generatorun işləməsi və havalandırma sisteminin olmamasıdır."OLAYLAR"ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Zakir Qaralov deyib. Baş prokuror bildirib ki, hadisə ticarət mərkəzində elektrik təminatının olmaması səbəbindən baş verib: "Bakıelektrikşəbəkə" ASC tərəfindən prokurorluğa təqdim edilmiş sənəddə elektrik təchizatının pozulmasına səbəb kimi "Binə" Ticarət Mərkəzinin elektrik sistemində olan problemlər göstərilir. Buna baxmayaraq, "Binə" Ticarət Mərkəzindən 45-ə yaxın generator götürülüb və məlum olub ki, dəm qazı həmin generatorların işləməsi nəticəsində əmələ gəlib. Təyin olunmuş ekspertizalar qarşısında havalandırma sisteminin lazımi səviyyədə olub-olmaması sualı qoyulub. Müxtəlif ekspertizalar keçiriləndən sonra qəti qərar qəbul olunacaq". Baş prokuror bildirib ki, hadisə nəticəsində 164 nəfər müalicə mərkəzlərinə zəhərlənmə ilə müraciət edib, onlara tibbi yardım göstəriləndən sonra buraxılıblar. Xatırladaq ki, sentyabrın 16-da Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən Binə Ticarət Mərkəzində dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş vermişdi,
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. Hazırda Bakı şəhər prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə istintaq davam etdirilir.