Elşad Abdullayev orqan transplantasiyasında günahlandırıdı

Azərbaycan Beynəlxalq Universitetində və ABU Klinikada ciddi korrupsiya faktları aşkar edilib. "OLAYLAR"ın məlumatına görə, bunu jurnalistlə açıqlamasında baş prokuror Zakir Qaralov deyib. Baş prokuror bildirib ki, ABU Klinikada aparılan orqan transplantasiyasının birbaşa Elşad Abdullayevin tapşırığı ilə həyata keçirilməsi barədə məlumat var: "2010-cu ildə insan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı ukraynalı həmkarlarımız tərəfindən qaldırılmış cinayət işinin istintaqı zamanı ABU-nun tabeçiliyində olan klinikada belə faktlar müəyyən edilib. 2009-cu ildə həmin klinikada 10-a yaxın xarici vətəndaşın üzərində böyrək köçürmə əməliyyatı aparılıb. Bu əməliyyatları ukraynalı həkimlər həyata keçiriblər. Biz o zaman Ukrayna tərəfinə lazımı köməklik göstərmişik. Həmin fakt üzrə Baş Prokurorluqda cinayət işi başlanıb. Ukrayna tərəfinin başladığı cinayət işi ilə bağlı artıq məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Orada adı keçən azərbaycanlı vəzifəli şəxslərlə bağlı cinayət işinin materialları ayrılaraq Azərbaycan Baş Prokurorluğuna göndərilib. Klinikanın rəhbəri Dilarə İsmayılova istintaqa ifadəsində bütün bu qanunsuz əməllər məhz Elşad Abdullayevin tapşırığı ilə həyata keçirilib. O, həmçinin qeyd edib ki, qanunsuz orqan transplantasiyalarından əldə etdikləri 100 min ABŞ dollarını Elşad Abdullayevin özünə çatdırıb. Bir daha qeyd edirəm ki, Elşad Abdullayev korrupsiyaya qarşı mübarizə aparan şəxsdirsə, gəlib bu suallara cavab verməlidir".
Baş Prokuror ABU-da qanunsuz tələbə qəbulu olmasını da təsdiqləyib: "Qanunsuz köçürülmələr nəticəsində orada təhsil alan minlərlə tələbə diplom ala bilməyiblər. Həmin faktlarla bağlı bizə çoxsaylı şikayət daxil olub. Şikayətlər həm saxta diplomların verilməsi, həm qanunsuz köçürülmələr zamanı külli miqdarda rüşvət almaqla bağlı olub. Daxil olan şikayətlər əsasında ABU-nun vəzifəli şəxslərinin bir qismi məsuliyyətə cəlb olunub. Hazırda istintaq gedir. Bu kimi əməlləri olan bir insan bu gün özünü elə göstərir ki, guya o korrupsiyaya qarşı mübariz aparır. Elşad Abdullayev bilməlidir ki, hamı qanun qarşısında bərabərdir. Vaxt çatanda, hər kəs layiq olduğu məsuliyyətə cəlb ediləcək".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31