Bakıda öldürülərək yandırılan həkim haqda yeni məlumatlar
23 İyul 2015 16:39 KriminalBakının Xətai rayonunda qətlə yetiriləndən sonra Xızıda yandırılan, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva ilə bağlı yeni məlumatlar ortaya çıxıb. "Report"un əldə etdiyi məlumata görə, N.Əliyeva Xətai rayonunda yerləşən 191 saylı orta məktəbin direktoru Əliyeva Rəhimə İsmayıl qızının həm gəlini, həm də qardaşı qızı olub. N.Əliyeva keçmiş həyat yoldaşı, məktəb direktorunun oğlu 34 yaşlı Əliyev Samir Səməndər oğlu tərəfindən qətlə yetirilərək yandırılıb. "Report" məsələyə münasibət öyrənmək üçün 191 saylı orta məktəbin direktoru Rəhimə Əliyevaya müraciət edib. O, oğlunun tutulduğunu, lakin bu haqda danışmaq istəmədiyini bildirib.
Xatırladaq ki, bu il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyidi tapılıb. Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində naməlum qadının şəxsiyyəti müəyyənləşdirilib. Meyidin 1981-ci il təvəllüdlü Bakı sakini Natəvan Əliyevaya məxsus olduğu bəlli olub. N.Əliyeva Bakıda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. O, üç uşaq anası olub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.