Qerman Sterliqov barədə cinayət işi başlandı
Baş Prokurorluq və Xarici İşlər Nazirliyi birgə məlumat yaydı
22 İyul 2015 19:27 Kriminal"Qerman Sterliqov Şirkətlər Qrupu"nun Direktorlar Şurasının rəhbəri Qerman Sterliqovun hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.
Xarici İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərindən Lent.az-a verilən məlumata görə, Qerman Sterliqov və onun ailə üzvləri Ermənistan Silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası Qanunlarını, habelə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 4 iyul 2015-ci il tarixdə işğal olunmuş ərazilərə daxil olub.
Qerman Sterliqov bundan başqa, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə 13 iyul 2015-ci il tarixdə Şuşa şəhərində mətbuat konfransı keçirib özünə məxsus "V Kontakte" sosial şəbəkəsinə aid səhifəsində məlumatlar yerləşdirərək qondarma rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına, dini və etnik zəmində təfriqəyə, işğal olunmuş ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına, saxta pul vahidlərinin kəsilməsinə və çirkli pulların yuyulmasına yönələn açıq çağırışlar etmiş və qanunsuz biznes fəaliyyəti ilə məşğul olmuş və ailə üzvlərini bu işə sövq edib. Hazırda iş üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq tədbirləri davam etdirilir.