Dilqəm yenə sınmadı

Ermənistan ordusuna girov düşmüş Kəlbəcər sakini düşməndən əfv diləmədi.

Ermənistan ordusunun girov götürdüyü və ömürlük həbsə məhkum edilmiş Dilqəm Əsgərov işğalçı rejimin rəhbərliyindən əfv istəməyib. 

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan mətbuatına Dilqəmin vəkili Erik Beqlaryan bildirib. "Əvf barədə müraciət təqdim edilməyib, çünki Əsgərov belə bir istək bildirməyib",- deyə Beqlaryan vurğulayıb. 

2014-cü il iyunun 29-da doğulduğu Kəlbəcər rayonuna qohumlarının məzarını ziyarətə gedn zaman Rusiya vətəndaşı Dilqəm Əsgərov bununla da işğalçı rejimin təşkil etdiyi məhkəmə məzhəkəsi zamanı göstərdiyi dönməz xarakteri bir daha nümayiş etdirdi. Son qərarını 29 dekabr 2014-cü ildə vermiş "məhkəmə"də "Dağlıq Qarabağ Respublikası" adından hökm oxuyan işğal rejimi təmsilçilərinə Əsgərov belə bir dövlət tanımadığını vurğulamışdı. O, məhkəmə adı qoyulmuş bu tamaşanın ciddiyə almadığını da bildirmişdi. 

Dilqəm Əsgərovun bu addımı beynəlxalq hüquqa, insan haqları üzrə beynəlxalq konvensiyalara tam uyğun gəlir. Qohumlarının məzarını ziyarət üçün Kəlbəcərə getmiş Rusiya vətəndaşı Dilqəm Əsgərov, həmçinin Azərbaycan vətəndaşları Şahbaz Qulieyev və Həsən Şəsənov əslində quldur dəstəsi kimi fəaliyyət göstərən Ermənistan işğalçıları tərəfindən əsir götürülüb. Ermənistan hakimiyyət işğal ordusunun nəzarətində olan ərazilərə nə ad verirsə versin, hüquqi baxımdan bu ərazilər Azərbaycana məxsusdur və istənilən Azərbaycan vətəndaşı bu ərazilərdə sərbəst gəzə bilər. Həmin əraziləri qanunsuz olaraq ələ keçirmiş işğalçı Ermənistan ordusunun bu insanları girov götürməsi isə beynəlxalq cinayət sayılır. 

Təbii ki, Dilqəm Əsgərov bu addımı atsaydı işğalçı Ermənistan ordusunun törətdiyi cinayətlə barışmış kimi görünə bilərdi. Ermənistan işğalçılarının cinayətinin daha bir epizodu Həsən Həsənovun öldürülməsi ilə bağlıdır. Ermənilər Həsəni İrəvan sakini, erməni zabiti Sarkis Abramyanın ölümündə günahlandırırlar. Halbuki, erməni mətbuatını izlədikdə başqasının nikahlı arvadı Karine Davtyanla Kəlbəcərə sevgi səyahətinə çıxmış Sarkis Abramyanın qısqaclıq zəminində öldürüldüyünü anlamaq olar. 

Qeyd edək ki, Qırmızı Xaç Komitəsinin nümayəndələri bir neçə gün öncə Kəlbəcərli girovlara baş çəkib. Ermənilərin əlində saxlanılan azərbaycanlı girov Dilqəm Əsgərov qardaşına məktub ünvanlayıb. Qardaşı Sahib Əsgərovun sözlərinə görə, Dilqəm məktubunda sağ-salamat olduğunu yazıb. "Vəziyyət həmişəki kimidir. Sağ-salamatam. Elə bir problemim yoxdur. Arada Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları mənə baş çəkirlər".


D.Əsgərov qondarma rejimin "məhkəməsinə" gözübağlı gətirilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31