Moskvada biznesmeni oğurlayıb 10 milyon tələb edən üç azərbaycanlı yaxalanıb
Saxlanılan şəxslər iş adamının buraxılması müqabilində onun ailəsindən 10 milyon dollar tələb ediblər
30 İyun 2015 17:11 KriminalRusiya paytaxtında həmyerliləri olan iş adamını oğurlamaqda təqsirli bilinən üç Azərbaycan vətəndaşı saxlanılıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxt polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin may ayında 26 yaşlı iş adamını oğurlayaraq azadlığa buraxılması müqabilində ailəsindən 10 milyon ABŞ dolları tələb etməkdə şübhəli bilinən cinayətkar dəstənin Azərbaycan vətəndaşları olan 3 üzvü yaxalanıb. "Şübhəli şəxslər Moskva vilayətinin Solneçnoqorsk rayonunun kəndlərindən birində saxlanılıb. Onlar 29, 46 və 48 yaşlı Azərbaycan vətəndaşlarıdır. Oğurlanan şəxs isə azad olunub", - deyə Rusiya Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub. DİN-in yaydığı məlumatda saxlanılan şəxslərin evindən "Makarov" tipli tapança və patronlar aşkar olunduğu bildirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Hüquq-mühafizə orqanları dəstənin digər cinayətlərdə əlinin olub-olmamasını araşdırır.