14 milyon oğurlayan azərbaycanlı tutuldu
Bakı-Qazax yolunda bir kişini öldürən şəxs Petropavlovsk yataqxanasında ələ keçdi
9 İyun 2015 17:23 KriminalQazaxıstanın şimalında yerləşən Petropavlovsk şəhərində Azərbaycanın 34 yaşlı vətəndaşı saxlanılıb. O, öz ölkəsində törətdiyi qətlə görə 16 ildir beynəlxalq axtarışda olub. ANS PRESS-in məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin vilayət departamentinin mətbuat xidməti bildirib. Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən başlanmış axtarış işinin materialından aydın olur ki, 1999-cu ildə Gəncə şəhər sakini öz atası ilə birlikdə Bakı-Qazax avtomobil yolunda bir kişini öldürüb, onun üzərindən 14 milyon 800 min manatı götürüb və qaçıblar. Qatil Petropavlovsk şəhərindəki yataqxanaların birində operativ-axtarış tədbirləri zamanı saxlanılıb və hazırda istintaq təcridxanasına yerləşdirilib. Qatil yaxın vaxtlarda vətənə ekstradisiya olunacaq. Polisin saxlanılan şəxslə sorğu-sualı zamanı məlum olub ki, qətldə şübhəli bilinən şəxsin atası 2003-cü ildə dünyasını dəyişib.