Ölkəyə qanunsuz mobil telefon keçirmək istədi

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhər sakini Süleymanov Emin Məmmədağa oğlunun etibarnamə ilə idarə etdiyi "Mercedes Benz E240" markalı 99DM819 dövlət nömrə nişanlı minik avtomobilinə "Smiths Heimann HCVG" yük yoxlama-baxış sistemi ilə gömrük nəzarəti həyata keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 127 ədəd müxtəlif markalı mobil telefonlar, eləcə də külli miqdarda mobil telefonlar üçün aksessuarlar gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək saxlanılıb. Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31