Dələduzluqda yaxalanan MTN “əməkdaşı” kimdir?
25 Sentyabr 2012 17:32 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində özünü dövlət orqanlarının vəzifəli şəxsi kimi təqdim edərək, dələduzluq etməkdə təqsirləndirilən Tapdıq Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb. "OLAYLAR"ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Tapdıq Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Tapdıq Əliyev Bakı şəhər sakininə özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edib, onun oğlunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsinə sürücü kimi işə qəbul edilməsində köməklik göstərəcəyini vəd edərək işə qəbul edəcək şəxsə rüşvət verəcəyi adı ilə 2011-ci ilin yanvar-mart aylarında ondan 7340 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.
Tapdıq Əliyev öz əməllərini davam etdirərək Şəki rayon sakinindən Korrupsiyaya qarşı mübarizə idarəsinə mühafizəçi və ya əməliyyatçı kimi işə qəbul edilməsində köməklik göstərəcəyini vəd edərək 2010-cu ilin sentyabr ayından 2011-ci ilin mart ayına kimi hissə-hissə ümumilikdə 3000 manat məbləğində pul alıb.
Tapdıq Əliyev daha sonra Şəki rayon sakininə özünü Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsinin rəisi kimi təqdim edib onun guya həmin idarənin Şəki şəhərində yaradılacaq regional şöbəsində işə qəbul edilməsinə köməklik göstərəcəyini vəd edərək həmin şəxsdən 4000 manat məbləğində pul almaqla dələduzluq edib.