Yanğında biri azyaşlı 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb - NAZİRLİK
Azyaşlı qız uşağı tüstüdən boğularaq ölüb
19 May 2015 13:58 KriminalBakıda binada yanğın baş verməsi nəticəsində iki nəfər ölüb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, ölənlərdən biri qorxudan özünü binadan atan şəxs, digəri isə azyaşlıdır. Azyaşlı tüstüdən boğularaq ölüb. Ölənlərin kimliyi dəqiqiləşdirilir. Hadisə nəticəsində xəsarət alanların sayı isə 15-i ötüb.
**
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın Lent.az-a verdiyi məlumata görə, ilkin məlumatlara əsasən, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında baş verən yanğında 15 nəfər xəsarət alıb. Onlar paytaxtın müxtəlif xəstəxanalarına yerləşdiriliblər: "Yaralılar barədə məlumatlar gəlməkdə davam edir. Əlavə məlumat veriləcək".
***
Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında baş verən yanğında zərər çəkənlərə kömək etmək üçün 30 təcili yardım briqadası səfərbər olunub. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib. Onun sözlərinə görə, hazırda Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev də hadisə yerindədir: Bütün böyük xəstəxanalar - Kliniki Tibbi Mərkəz, Yanıq Mərkəzi, Travmatologiya İnstitutu xəsarət alanları qəbul etmək üçün hazır vəziyyətə gətirilib. Yaralılar barədə hələlik məlumat yoxdur".