Suriyada döyüşən azərbaycanlılar məhkəmədə ifadə verməkdən imtina edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən 6 nəfərin -  Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov, Maarif Mərdanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Sənan Baxışov ifadə verib. O, ifadəsində şəriət qanunlarını qəbul etdiyini deyib: "Allahın hökmündən başqa bütün hökmləri inkar edirəm.  Sizə nə ifadə verirəm, nədə suallarınıza cavab verəcəm". Məhkəmə onun ibtidai istintaqa verdiyi ifadəni elan edib. Bundan sonra Ruslan Cəfərov da Sənan Baxışov kimi ifadə verməkdən imtina edib. Ruslan Cəfərovdan sonra Məmmədşah Məmmədəliyev ifadə verib. O, ifadəsində Suriyaya getdiyini və 3 övladının olduğunu deyib. "Burda nə danışaq nə deyək. 3 övladım var. Allahın əmri ilə Suriya getdim. Ora getdim ki, müharibədən əziyyət çəkən müsəlman qardaşlarıma kömək edim. "Cəbhətül Nüsra" adlı dini qrupun üzvü olmuşam. Orada xəstəxana döyüşdə yaralanan qardaşlara kömək etmişəm. Heç bir silahlı təlimdə iştirak etməmişəm. Çünki buna ehtiyacım olmayıb. Hərbi xidməti cəbhə bölgəsində etmişəm. Silahdan istifadəni çox yaxşı bilirəm. Orada silahım olub. Yerli camaatdan almışam. Peşman deyiləm. Allahın yolundan Cihada getmişəm". İttiham olunan şəxslərdən Əhməd Həsənov və Mərdanov Maarif də ifadə verməkdən imtina ediblər. Əhməd Həsənov qısa çıxışında verilən ittihamların heç bir əsasının olmadığını qeyd edib. Hakim Mirzə Xankişiyev bu cinayət işində heç bir şahidin olmadığını deyib və sənədlərin tətbiqi hissəsinə keçdiklərini bildirib.
Məhkəmə prosesi mayın 5-i davam edəcək.

Qeyd edək ki, Təqsirləndirilən şəxslər Sənan Baxışov, Eldost Quliyev, Ruslan Cəfərov, Maarif Mərdanov, Əhməd Həsənov, Məmmədşah Məmmədəliyev və qeyriləri qabaqcadan əlbir olan qrup şəxs halında, ağır və ya xüsusilə ağır cinayətlər törətmək üçün Suriya Ərəb Respublikasına gediblər. Onlar Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınan "An Nusra Cəhbəsi" (Cəbhətül Nüsra) adlı cinayətkar dəstənin tərkibində daxil olublar. Suriyanın və Azərbaycanın qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmələrinin fəaliyyətində dini düşmənçilik zəminində iştirak etməklə yanaşı, birlik halənda odlu silahdan istifadə ediblər. Onlar iradələrindən asılı olmayaraq terrorçuluq cinayətini tam başa çatdıra bilməyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31