Rusiya vətəndaşını öldürən şəxsə 10 il həbs
28 Aprel 2015 13:28 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xarici vətəndaşı öldürüb basdırmaqda təqsirli bilinən 1959-cu il təvəllüdlü Eldar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə E. Hüseynov 10 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl keçən il mayın 26-da Binəqədi rayonu Novxanı bağlar sahəsindəki evlərdən birinin həyətində baş verib. Bakı şəhər sakini Eldar Hüseynov münaqişə zəminində Rusiya vətəndaşı Xaron Şahiyevi bıçaqla qətlə yetirib, daha sonra isə cəsədini basdırıb. Xaron Şahiyevin meyiti ekskumasiya edilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə E.Hüseynov tutulub.
Qeyd edək ki, Xaron Şahiyev milliyyətcə çeçen olub.