Suriyada döyüşən 6 nəfərlik dəstənin məhkəməsində: "Bir nəfəri axtarırıq"
27 Aprel 2015 15:06 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirli bilinən -Tariyel Mustafayev, Ruslan Mustafayev, Namiq Məmmədov, Elvin Əliyev, Tural Həsənov və Fərid Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə Tarıyel Musatfayevin baldızı Ayşə Namazova ifadə verib. O, çıxışından əvvəl məhkəmədən istintaqa verdiyi ifadənin elan edilməsini istəyib. Hakim isə buna razılıq verməyib. A.Namazova ifadəsində bacısı Yeganə ŞirinovanınTarıyel Musatafayevlə dini nikahlarının olduğunu qeyd edib: " Tarıyel də, bacım da Türkiyə müalicə almağa gedib. Müalicə kağızları var. İstintaq zamanı demədiyim sözləri mənim adıma yazıb qol çəkdiriblər. Guya mən Tarıyelin Suriyaya getməyini bilidim. Heç mənim Tarıyel həbs olunana qədər Suriya getməsindən xəbərim olmayıb. İstintaqa ifadəmdə Tarıyelin qatı dindar olduğunu bildirmişəm. Elə bir söz ağzımdan çıxmayıb. Özləri nə istəyiblər, onu yazıblar. Orda yazılanları qəbul etmirəm".
Bundan sonra dövlət ittihamçısının qaldırdığı vəsatətə əsasən Ruslan Musatafayevin evində axtarış aparan Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat qrupunun üzvü məhkəmədə ifadə vermək üçün dəvət olunub. O, ifadəsində axtarış zamanı əməliyyatçıların və hal şahidlərinində həmin evdə olduğunu deyib: " Evə axtarışa getdik. Qapı bağlı idi. Qonşulara dedik ki, ev yiyəsini çağırın. 15 dəqiqədən sonra R. Mustafayevin anası gəldi. İcazə aldıq. İçəri daxil olduq. Axtarış zamanı evdə anası, həyat yoldaşı və balaca uşaq var idi. Ruslangilin otağında yatağın altından qutu tapdıq. Qutunun içində 4 ədəd tapança gülləsi, 10 ədəd isə 7.62-li avtomat gülləsi aşkarladıq. Protokolu özüm yazdım".
Bundan sonra dövlət ittihamçısı və vəkillərin suallarını cavablandıran əıməliyyat qrupunun üzvü sualların əksəriyyətini cavabsız qoyaraq, xatırlamadığını deyib. Vəkil Müzəffər Baxış qısa çıxış edərək, protokulun əməliyyat üzvü tərəfindən tərtib olunmasını qanunsuz hesab edib. " Qanunda yoxdur ki, əməliyyatçı protokol tərtib etsin, belə bir şey mümkün deyil. Tam qanunsuzdur. Protokolu əməlliyyatda iştirak edən müstəntiq tərtib etməlidir. Qanun bunu tələb edir. Məhkəmədən xahiş edirəm ki, bu kobud qanun pozuntusuna görə, həmin fakt sübutlar siyahından çıxarılsın". Hakim Ənvər Seyidov bu cinayət işində 4 şəxsin şahid olduğunu, onlardan 3-nün yenidən Suriya Ərəb Respublikasına getdiyini deyib: "4 nəfərdən 3-ü yenidən gedib Suriya. Məcburən onların istintaqa verdiyi ifadələrini elan edəcəyik. Bir nəfəri isə axtarırıq. Yaşayış ünvanını dəyişib deyə, indiyə qədər tapılmayıb". Məhkəmə prosesi mayın 4-də davam edəcək.
Qeyd edək ki, MTN-in İctimai Əlaqələr Mərkəzinin ötən il sentyabrın 23-də yaydığı məlumatda bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər Azərbaycan vətəndaşı şəxs qismində saxlanılıb. Saxlanılanlar arasında yuxarıda adları çəkilən şəxslər də var.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər "İraq və Şam İslam Dövləti" (İŞİD) adlı cinayətkar birliyin tərkibinə daxil olan Suriya Ərəb Respublakası ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində dini düşmənçilik zəminində iştirak ediblər. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 228.1, 12.1, 279.1-ci, 123, 214.2 və 28-ci maddələri ilə ittiham irəli sürülüb.