Qohumunu narkotikadan imtina etdiyi üçün qanına boyadı

Natiq Həsənov 6 il 6 ay azadlıqdan məhrum edildi

Sentyabrın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə və oğurluqda ittiham olunan 1995-ci il təvəllüdlü Natiq Həsənovun cinayət işi üzrə məhkəmə başa çatıb. "OLAYLAR"ın məlumatına görə, hakim Mehdixan Abdullayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Natiq Həsənov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il dekabrın 21-dən 22-nə keçən gecə Salyanda yerləşən yeməkxanaların birində rayonun Xocalı kənd sakini Natiq Həsənov həmkəndlisi və qohumu 1984-cü il təvəllüdlü Amid Həsənovu bıçaqlayıb.
Bıçaq Amid Həsənovun qarın boşluğuna nüfuz edib. Yaralı dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib və əməliyyat olunub.
Araşdırmalar zamanı müəyyən edilib ki, hadisə dostların iştirak etdiyi məclisdə, zərərçəkən narkotik vasitədən istifadədən imtina etdiyi üçün baş verib. Belə ki, Natiq Həsənov qohumu Amid Həsənovu narkotik maddə qəbul etməyə məcbur edib. İkincisi isə bundan imtina etdiyi üçün Natiq Həsənov onu bıçaqlayıb.
Salyan polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq Həsənov tez bir zamanda saxlanılıb. Istintaq araşdırmaları zamanı Natiq Həsənovun oğurluq törətməsi də ortaya çıxıb. Müəyyən edilib ki, o, Babaş Əliyevin evindən oğurluq edib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31