"Neptun" marketində pullarınız belə sovrulur - FOTO
15 Aprel 2015 12:57 KriminalBakıdakı ticarət şəbəkələri və supermarketlərlə bağlı alıcıların şikayətləri səngimir. Onlar istehlakçı hüquqlarının kobud şəkildə, qabalıqla pozulduğunu deyirlər.
"Neptun" supermarketi ilə bağlı da şikayət var.
Milli.Az bildirir ki, oxucularımızdan biri həmin marketə yollanıb, aldığı malın piştaxtadakı qiyməti ilə kassada çekə vurulan qiymət arasındakı fərqi görüb.
Təbii ki, kassadakı qiymət daha baha idi.
Alıcı Nərimanov rayonu, Həsənoğlu 4 ünvanında yerləşən "Neptun" supermarketindən "Stoliçnaya" adlı spirtli içki alıb. Vitrində həmin məhsulun qiyməti 13.60 manat göstərilib, amma müştəri malı aldıqdan sonra evə gedib çekə baxarkən malın qiymətini 14.10 manat olduğunu görüb.
Azad İstehlakçılar Birliyinin sədri ilə əlaqə saxladıq. Eyyub Hüseynov Milli.Az-a açıqlamasında "Neptun" supermarketində bu cür halların ilk dəfə yaşanmadığını söylədi.
"İlk öncə onu demək istəyirəm ki, "Neptun" supermarketləri Azərbaycanda müasir texnologiyaları tədbiq edən birinci marketlərdən olub. Və bu işlərə başlayandan istehlakçılardan bax bu cür şikayətlər bizə daxil olmaqdadır.
Dəfələrlə mətbuatda mən bu barədə danışmışam və "Neptun" supermarketlərində baş verən bu fırıldaqçılıqla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə rəsmi məlumat göndərmişəm.
Ancaq çox təəssüflər olsun ki, bununla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi heç bir tədbir görməyib. Ancaq cavab veriblər ki, yoxladıq, heç bir qanunsuzluq aşkar olunmadı.
"Neptun" supermarketi neçə ildir bax bu cür əməllərlə məşğuldur, amma çox təəssüf ki, bunun qarşısını alan yoxdur. Mən alıcılardan xahiş edərdim, əgər qanun pozuntuları ilə qarşılaşsalar, dərhal bizə ünvanlasınlar", - Eyyub Hüseynov bildirib.
Daha sonra adıçəkilən ünvanda yerləşən "Neptun" supermarketi ilə əlaqə saxladıq, özünü müdiriyyət nümayəndəsi kimi təqdim edən Tusi Rəcəbov problemin qiymət dəyişimində olduğunu dedi.
O, Milli.Az-a açıqlamasında bildirdi ki, həmin ərəfələrdə marketdə olan içkilərin qiymətində dəyişiklik olub. Terminallarda qiymət dəyişdirilib, ancaq işlər uzun çəkdiyindən həmin dəyişən qiyməti piştaxtaya yaza bilməyiblər.
"Hansısa qiymətdə dəyişiklik olanda bizə mərkəzdən məlumat verilir. Həmin vaxtlar dəyişiklik olanda sistemdə problemler vardı deyə çekə vurulan qiymət vitrindəki ilə uyğun gəlmirdi. Hal-hazırda hər şey öz yerini alıb".