Qadına silah çəkildi - Gəncədə amansız qətl
31 Mart 2015 12:39 KriminalGəncə şəhərində dəhşətli qətl törədilib. Baş Prokurorluqdan Milli.Az-a verilən məlumata görə, martın 31-də saat 01 radələrində Gəncə şəhər sakini, 32 yaşlı Lamiyə Məmmədovanın yaşadığı evdə meyidinin aşkar edilməsi ilə bağlı məlumat daxil olub. Məlumat əsasında şəhər prokurorluğu və Baş Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyidə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Fakta görə, şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Şəhər Baş Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 41 yaşlı Murad Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq zamanı M.Məmmədovun qeyd edilən tarixdə arvadı L.Məmmədovanı qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə sonuncuya iki dəfə atəş açaraq qəsdən öldürdüyü müəyyən edilmişdir. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.