Binə Ticarət Mərkəzində zəhərlənənlərdən hələ də klinikaya müraciət edənlər var

Binə Ticarət Mərkəzində baş verən zəhərlənmədən hələ də Bakı şəhər Klinik Xəstəxanasına müraciət edənlər var. Bu barədə Klinikadan "Olaylar"a verilən məlumata görə, müraciət edənlər dərhal müayinədən keçirilir və lazimi tibbi yardım göstərilir. Müraciət edənlərin əksəriyyəti baş ağrısından şikayətlənirlər. Məlumatda o da bildirilib ki, ümumilikdə zəhərlənmə ilə bağlı 146 nəfər müraciət edib. Müraciət edənlər sırasında ağır xəstə olmayıb, onlara dəm qazından zəhərlənmə diaqnozu qoyulub. Xəstələrə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Xatırladaq ki,  sentyabrın 16-da Binə Ticarət Mərkəzində kütləvi zəhərlənmə faktı qeydə alınıb. Zəhərlənməyə ticarət mərkəzində quraşdırılmış generatorlar səbəb olub. Ticarət mərkəzində elektrik enerjisi kəsildiyi üçün generatorlar işə salınıb. Generatorlarda yaranmış nasazlıq insanların kütləvi zəhərlənməsi ilə nəticələnib. Baş vermiş hadisə ilə bağlı fakta görə, Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31