Sərxoş gənc gecəyarısı arvadını bıçaqladı

Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün gecə saat 03 radələrində rayonun Hənifə kəndində baş verib. 1988-ci il təvəllüdlü, Tural Serqey oğlu Qaçayev gecə saat 03 radələrində sərxoş vəziyyətdə evə gəlib və həyat yoldaşı, 1986-cı il təvəllüdlü Elza Heybullah qızı Qaçayeva ilə aralarında olan münaqişə zəminində mübahisə ediblər. Mübahisə zamanı Tural Qaçayev mətbəx bıçağı ilə arvadının  baldır nahiyəsinə xəsarət yetirib. Bıçaq xəsarəti alan Elza Qaçayeva Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Hadisəni törədən Tural Qaçayev isə saxlanılıb. Balakən RMX-dan APA-ya verilən məlumata görə, Elza Qaçayevaya cərrahiyə şöbəsində tibbi yardım göstərilib, vəziyyəti orta-stabil hesab olunur. Faktla bağlı Balakən RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31