Şirvan Apellyasiya Məhkəməsi prokurorluğun protestini rədd etdi
Balıqçının öıümündə günahlandırılanlara cəza verilmədi
2 May 2012 19:39 KriminalŞirvan Apellyasiya Məhkəməsində hakim Əhməd Novruzovun sədrliyi ilə Neftçalada balıqçını qətlə yetirməkdə təqsirləndirilən 4 nəfərin bəraət almasına qarşı prokurorluğun protesti əsasında məhkəmə prosesi keçirilib. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Prosesdə iş üzrə protest araşdırılsa da, təmin edilməyib. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə çıxarılan bəraət hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qəsdən adam öldürmə ittihamı üzrə bəraət alıblar. Lakin prokurorluq həmin hökmlə razı olmayıb. Prokurorluq şikayətində Emin Hüseynovun 15 il, digərlərinin isə 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və Neftçala rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmadəddin Cəfərovu qətlə yetirməkdə təqsirli bilinərək həbs olunub.
Onlar rayonun 2-ci Mayak kənd sakinləri Seymur Hüseynov, Emin Hüseynov, qardaşı Etibar Hüseynov və Kürkənd kənd sakini Zülfüqar Soltanovdur. Əməliyyat zamanı E.Hüseynovdan qətl hadisəsi törədilən və müvafiq sənədləri olmayan "İJ 18E" markalı ov tüfəngi götürülüb.