Aygün Kazımovanın qardaşı yenə məhkəmədə
12 Fevral 2015 14:20 KriminalBakı Apellyasiya Məhkəməsində "Əsgəroğlu-K" MMC-nin dələduzluqda təqsirləndirilən direktoru Kazım Kazımov, şirkətin satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Polkovanın apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə fevralın 24-nə təyin edilib. Kazım Ələsgər oğlu Kazımov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinib. Bakı şəhərində tikinti işləri ilə məşğul olan K.Kazımov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2014-cü il tarixli hökmü ilə K.Kazımov 12 il, Y.Kiyasov 10 il, O.Polkova isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərin barəsində bundan əvvəl digər cinayət işi də mövcud olub. Həmin cinayət işi üzrə məhkəmə prosesi 2013-cü ildə başa çatıb. Məhkəmənin hökmü ilə K.Kazımov 10 il, Y.Kiyasov 9 il müddətinə azadlıqdan məhrum edilib. Azadlıqda olan O.Polkova isə məhkəmə zalında həbs olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökm oxunan zaman onların azadlıqdan məhrumetmə illəri toplanılaraq barələrində yeni hökm çıxarılıb. K.Kazımov xalq artisti Aygün Kazımovanın qardaşdır.