Xətaidəki ölüm hadisəsinin üstü açıldı
Hadisəni törədən şəxs həbs olunub
10 Fevral 2015 17:16 KriminalFevralın 6-da Xətai rayonu ərazisində Məmmədov Şahlar Məzahir oğlunun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.2-ci maddələri ilə cinayət işi başlanıb. "OLAYLAR"-ın xəbərinə görə, Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun hadisə ilə bağlı yaydığı məlumatda bildirilib ki, həmin tarixdə şəhər sakini Emin Musayev dostları Abdulla İsmayılov, Loğman Rəhimov, Anar Qəhrəmanov və şəxsiyyəti istintaqa hələlik məlum olmayan Emin adlı şəxslə birlikdə rayon ərazisində fəaliyyət göstərən "Arabeska" çay evində olarkən orada olan Şahlar Məmmədov və onunla birlikdə şəxsiyyəti istintaqa hələlik məlum olmayan digər iki nəfər tanışları arasında yaranmış mübahisə zəminində A.Qəhrəmanov Ş.Məmmədovu çay evinin arxasına dəvət etdiyi istintaqla müəyyən olunub. Ş.Məmmədovun üstündə gəzdirdiyi bıçaqla A.Qəhrəmanova xəsarət yetirməsində, E.Musayev və A.İsmayılovun isə xuliqanlıq niyyəti ilə üstlərində gəzdirdiyi bıçaqla Ş.Məmmədovun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirməklə qəsdən öldürmələrində əsaslı şübhələr olduğundan cinayət işi Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 və 221.3-cü maddələrinə tövsif edilib. Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Məmmədovu qəsdən öldürməkdə şübhəli bilinən E.Musayev və A.İsmayılov, həmçinin hadisə vaxtı silah qismində istifadə edilən əşya tətbiq etməklə xuliqanlıq cinayətini törətməkdə şübhəli bilinən Loğman Rəhimov tutulub. Onlar iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda Bakı şəhər prokurorluğunun İstintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.