Bakıda əcnəbilərə qənim kəsilənlərə ağır cəza
29 Yanvar 2015 12:00 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xarici vətəndaşa qarşı soyğunçuluqda təqsirli bilinən 1995-ci il təvəllüdlü Kamran Aslanov və 1993-cü il təvəllüdlü Qabil Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Kamran Aslanova 9 il , Qabil Cəfərova isə 10 il müddətə azadlıqdan məhrumetmə cəzası istəyib.
Bundan sonra təqsirləndirilən şəxslər son sözlə çıxış edərək ədalətli hökm oxunmasını məhkəmədən xahiş ediblər. Hakimlər qərara gəlmək üçün müşavirəyə gedib. Müşavirədən qayıdan hakimlər Kamran Aslanovun 8 il 6ay, Kamram Cəfərov isə 9 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə qərar verib.
Qeyd edək ki, Baş Cinayət Axtarış İdarəsi və Səbaiel rayon 39-cu Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhərində xarici vətəndaşlara qarşı quldurluq və soyğunçuluq cinayətləri törətmiş Bakı şəhər sakinləri Kamran Aslanov və Qabil Cəfərov tutulublar. Onlar 2014-cü il martın 13-də Nəsimi rayonu ərazisində Böyük Britaniya vətəndaşı Robert Hugesə qarşı quldurluq cinayəti həyata keçiriblər. Gənclər xarici vətəndaşı yerə yıxıblar və onun 1 ədəd qızıl üzüyünü, 1 ədəd qol saatını, 2 ədəd mobil telefonunu zorla əlindən alıblar. İstintaq araşdırmaları ilə daha sonra müəyyən edilib ki, təqsirləndirilən şəxslər şəxslər 2014-cü ili martın 8-də Andrey Sorokinə qarşı da quldurluq ediblər. Onlar gecə saatlarında A. Sorokini döyərək 500 manat pulunu, mobil telefonunu və digər qiymətli əşyalarını zorla əlindən alıblar.