Dostları məhkuma ayaqqabılarının dabanında narkotik keçirmək istəyiblər
10 Sentyabr 2012 17:43 KriminalPenitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1971-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317.2.1 və 67.1 maddələri ilə təqsirli bilinərək 8 ay 15 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rezi Sabir oğlu Məmmədovun yanına qısamüddətli görüşə gəlmiş dostları - vətəndaş Anar Cəlal oğlu Dilanov və vətəndaş Elçin Səfər oğlu Ələsgərovun gətirdikləri sovqata baxış keçirilən zaman bir cüt kişi ayaqqabısının daban hissəsindəki oyuqlara yerləşdirilmiş ümumi xalis çəkisi 20,69 qram narkotik vasitə olan "Tiryək" və xalis çəkisi 5,54 qram olan "Marixuana" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.