Piyadanı vuraraq hadisə yerindən qaçan şəxs saxlanıldı

Paytaхtın Sabunçu rayonunun hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-aхtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin olunub. "OLAYLAR"-ın xəbərinə görə, Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumatda qeyd edilir ki, yanvarın 26-da saat 07 radələrində rayonun Bakıxanov qəsəbəsində naməlum avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq yolu keçmək istəyən piyada 1950-ci il təvəllüdlü Mahmudova Pəri Əyyub qızını vurub hadisə yerindən qaçması, sonuncunun aldığı хəsarətlərdən hadisə yerində ölməsi faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2  və 264-cü  maddələri ilə cinayət işi başlanıb. Həyata keçirilmiş təхirəsalınmaz istintaq və əməliyyat-aхtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin "Daewo" markalı "10-TE-437" dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü 1955-ci il təvəllüdlü Tağızadə Rafael Tağı oğlu tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan o, tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31