Bakıda 5 vəzifəli şəxs məhkəmə zalında qandallandı
“Kapitalbank”ın şöbə müdiri və notarius dələduzluqda təqsirləndirildi
10 Sentyabr 2012 16:47 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən 6 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Məlumata görə, prosesdə təqsirləndirilən şəxs Şölə Gülmalıyeva ifadə verərək, özünü qismən təqsirli bilib. Daha sonra prosesdə qərardad qəbul edilib. Təqsirləndirilən şəxsin ifadəsindən sonra məhkəmə zamində olan Rafiq Bayramov, Süleyman Abayev, Rəşad Həsənov və Səlim Aslanov, Ziyafət Mirzəyevin barələrində həbs-qətimkan tədbiri seçib və onlar məhkəmə zalında həbs olunublar. Həbs qərardadından sonra proses qeyri-müəyyən vaxta təxirə salınıb.
Qeyd edək ki, bir müddət əvvəl vətəndaşların adından istifadə edərək saxta sənədlərlə "Kapitalbank"dan külli miqdarda vəsait götürərək mənimsəyən məktəb direktoru Şölə Gülmalıyevanın barəsində həbs qəti-imkan tədbiri seçilsə də, digər 5 nəfər həbs edilməmişdi. Faktla bağlı başlanmış cinayət işində isə həmin şəxslərin əlbir olaraq dələduzluq yolu ilə vətəndaşların xeyli miqdarda əmlakını mənimsəməsi göstərilmişdi.
İttihama görə, Şölə Gülmalıyeva, Bakının Nizami rayonundakı 61 nömrəli orta məktəbin direktoru vəzifəsində işləyərkən Azərbaycan Beynəlxalq Universitetinin tarix və ictimaiyyət fakültəsini bitirmiş Günel İbrahimovanı qanunsuz olaraq tarix müəllimi kimi işə qəbul etmək və xidmət üzrə ümumi himayədarlıq göstərmək müqabilində 2007-ci ilin avqust ayında sonuncunun atası Mayıl İbrahimovdan 2500 manat məbləğində rüşvət aldığı müəyyən edilib. Törətdiyi cinayət əməllərinə görə Ş.Gülmalıyeva Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs-qətimkan tədbiri seçilib. İstintaqla, həmçinin müəyyən edilib ki, 2006-2009-cu illərdə Ş. Gülmalıyeva tərəfindən təqdim edilmiş sənədlər əsasında "Kapital Bank"ın 1 nömrəli Binəqədi filialında 922 vətəndaşın adına istehlak kreditləri rəsmiləşdirilib, vətəndaşların əvəzindən saxta imzalar çəkilməklə, kredit müqavilələrinə əsasən rəsmiləşdirilmiş məbləğlər kassa məxaric orderlərinə əsasən Ş. Gülmalıyevaya verilərək sonuncu tərəfindən mənimsənilib.
2011-ci il martın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş. Gülmalıyeva 9 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun 3 il müddətinə müəllimlik fəaliyyəti ilə məşğul olmasına da qadağa qoyub. Yuxarıda adları qeyd olunan digər təqsirləndirilən şəxslərin cinayət işi araşdırılarkən isə Ş. Gülmalıyevanın onlarla da əlbir olması məlum olub və onun barəsində yenidən cinayət işi başlanılıb . Həbs olunan Rafiq Bayramov "Kapital Bank" ASC-nin 1 saylı Binəqədi rayon filialının sabiq müdiri, Süleyman Abayev onun müavini, Rəşad Həsənov və Səlim Aslanov bankın əməkdaşları, Ziyafət Mirzəyev isə 32 saylı Dövlət Notariat Kontorunun notariusudur.