Bərdə məhkəməsinin sədri gənc ananı intihara sürükləyir

Mahir Bayramov cinayətkara vəkillik edir

Azərbaycanın məhkəmə sistemində islahatlar aparılsa da, bu sahədəki bəzi şəxslər əvvəlki çirkin əməllərindən əl çəkmirlər. Bəzi məhkəmə hakimləri ədaləti, obyektivliyi müəyyən maraqlarına qurban verirlər. Nəticədə vətəndaşların Azərbaycan məhkəmə sisteminə inamı azalır. Həmin şəxslər isə buna fikir vermədən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə özlərinə sərf edən qərarlar qəbul edir.

"Hakim qayınatamdan rüşvət alıb oğlunu qanunsuz olaraq azad etdi"

Redaksiyamıza müraciət edən Bakı şəhəri, Binəqədi rayon sakini Günel Əzizzadə də uzun illərdir ki, məhkəmə hakiminin çirkin niyyətindən əziyyət çəkir. 2008-ci ildən məhkəmə tərəfindən süründürülən Günel Əzizzadə sonda mətbuata üz tutub. Dediyinə görə, 2008-ci ildə həyat yoldaşı Elmir Əliyevdən ayrılıb. Məhkəmə yolu ilə boşanan Günelin iddiası ilə Binəqədi rayon məhkəməsi cütlüyün birgə nikahdan olan qızı Nəzrin Əlizadəyə aliment verilməsi barədə qərar çıxarıb. Qərara görə, Nəzrin Əlizadə 18 yaşına çatana qədər Elmir Əliyev Günel Əzizzadəyə 100 manat ödəməlidir. Amma, həmin vaxtdan 4 il keçməsinə baxmayaraq Elmir Əliyev qadına uşağa görə bir manat da ödəməyib. Məsələ ilə bağlı Günel Əzizzadə Binəqədi rayon məhkəmə icraçılarına müraciət edib və aliment verən şəxsin məsuliyyətə cəlb edilməsini istəyib. Nəhayət 2011-ci ildə məhkəmə icraçıları Elmir Əliyevi axtarışa verib. Amma, buna baxmayaraq Elmir Əliyevin nə özü, nə də valideynləri bu barədə tədbir görməyib. Bakı şəhər Pasport Qeydiyyatı İdarəsi Elmir Vəliyevin yerini müəyyənləşdirib və onun axtarışlarına başlanıb.  Amma, yenə də problem həllini tapmayıb. Bərdə rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində  Elmir Vəliyev bu il martın 14-də Gəncə şəhər aeroportunda saxlanılıb. Cavabdeh şəxs yaxalanandan sonra Bərdə rayon məhkəmə icraçıları şöbəsi Elmir Əliyevin alimentdən yayınması və məsuliyyətdən boyun qaçırmasına görə cəzalandırılması və aliment verilməsini təmin etmə barədə təqdimat verib: "Qanunvericiliyə görə, Elmir Əliyev 7 sutka həbs edilməli və barəsində məhkəmə qərarı ilə tədbir görülməli idi. Bərdə rayon məhkəməsi isə bunun tam əksinə qərar çıxarıb. Məhkəmənin sədri Mahir Bayramov Elmir Əliyev saxlanılan kimi onun atası ilə danışıqlara gedərək dərhal azadlığa buraxıb. Elmir cəmi 1 sutka həbsdə saxlanılıb. Atası Fərrux Əliyev hakimlə danışıqlara gedib ona rüşvət verərək azadlığa buraxdırıb. Fərrux Əliyev vaxtilə dövlət çevrilişinə cəhddə təqsirləndirilərək həbs edilib. Mahir Bayramov Elmirin azadlığa buraxılması üçün Fərrux Əliyevdən külli miqdarda rüşvət alıb cavabdeh heç bir günahı olmamış kimi qəbul edib və onu azadlığa buraxıb".

Hakim rüşvətə görə cinayətkarı müdafiə edir

Günel Əzizzadə deyir ki, Mahir Bayramov icraçıların da təqdimatını nəzərə almayıb. O rüşvətə görə qarşı tərəfin xeyrinə qərar çıxarıb. Qərarda isə hakim həddindən artıq haqsızlığa yol verib. Qərarda Nəzrin Əlizadəyə alimentin verilməsi məsələsi də əksini tapmayıb. Hazırda Elmir Əliyev yenidən azadlıqdadır və heç bir aliment ödəmir. Əksinə, cavabdehin adamları və hakim Mahir Bayramov Günel Əzizzadə və onun ailəsini hədələyir, onlardan şikayətləri geri götürməyi tələb edir: "Bizə hər gün təzyiqlər edilir ki, şikayətlərdən əl çəkin. Əks təqdirdə bizi qorxudurlar. Məsələ ilə bağlı bütün aidiyyəti qurumlara müraciət etmişəm. Amma, hələ bu barədə heç kim tədbir görmək istəmir. Məhkəmə sədri Mahir Bayramov isə ümumiyyətlə bizi yaxına buraxmır. Müxtəlif şəxslərin vasitəsilə bizə təzyiqlər edən hakim cavabdehi əməlli-başlı müdafiə edir, onun azadlıqda qalmasını, mənim isə azyaşlı qızımın məhv olmasını istəyir. Artıq bu təzyiqlərə dözə bilmirəm. Azərbaycan vətəndaşlığından imtina etmək məcburiyyətində qalmışam. Çünki, bu özbaşınalığa dözə bilmirəm. Nə uşağın alimentini ala bilirəm, nə də təzyiqlər dayanmır. Mahir Bayramov isə deyir ki, nə qədər ki, o Bərdə məhkəməsinin hakimidir, Elmir Əliyevi heç kim həbs edə bilməyəcək".

"Mahir Bayramovun özbaşınalıqlarına görə özümü öldürəcəm"
Günel Əzizzadə deyir ki, dəfələrlə intihar etmək, özünü öldürmək istəyib. Amma, hələ ki övladına görə bu addımı atmayıb: "Artıq bu özbaşınalıqlara dözə bilmirəm. Bir neçə dəfə özümü öldürmək istəmişəm, yaxınlarım buna imkan verməyib. Rüşvətxor hakimin qanunsuz hərəkətləri məni təngə gətirib. Bu dərdə dözə bilmirəm. Mahir Bayramovun əməlləri araşdırılsa, o ən ağır cəzaya məhkum edilməlidir. Əgər problem həll edilməsə və bu  özbaşınalığa son qoyulmasa, intihar etməkdən başqa çarəm qalmayıb. Məcburam ki, uşağımı körpələr evinə verib özümü öldürüm, bəlkə onda bu rüşvətxor hakim barədə tədbir görülə. Başqa yolum qalmayıb. Nə sığınacaq alıb başqa ölkəyə gedə bilmirəm, nə də burda hüquqlarımı bərpa edə bilmirəm".  Günel Əzizzadə çarəsiz qalıb məsələ ilə bağlı prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, ədliyyə naziri Fikrət Məmmədova müraciət edib onlardan yardım istəyib. Azyaşlı körpəsi ilə küçələrdə əlacsız qalan ana problem həll edilməyəcəyi təqdirdə Azərbaycanı tərk edəcəyini deyir.

Samir Əli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31