Rüşvətxor polis mayoruna 8 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətxorluqda təqsirləndirilən polis mayoru Nurəddin Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb."OLAYLAR"ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Nurəddin Qəmbərov 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu il fevralın 11-də Bakı şəhər sakini R. Bağırova Daxili İşlər Nazirliyinə müraciət edərək qohumu H. Babayevin cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində özünü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı kimi təqdim edən bir şəxsin ondan pul tələb etməsi barədə məlumat verib. Nazirliyin və Baş Prokurorluğun əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Sabunçu Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Nurəddin Qəmbərov həmin vətəndaşdan 1500 ABŞ dolları alarkən saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31