Hava almaq üçün çıxdığı eyvan uçdu

İkinci mərtəbədən yıxılan 84 yaşlı qoca üzərinə düşən beton parçalarının zərbəsindən aldığı xəsarətlərlə şəhər mərkəzi xəstəxanasına aparılıb

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Şirvanın köhnə şəhər deyilən hissəsində Şıxbalaoğlu küçəsində yerləşən 5 nömrəli  binanın 81 saylı mənzilinin eyvanı uçub. Mənzildə yaşayan Nəzərovlar ailəsinin ən yaşlı üzvü hadisə zamanı ciddi xəsarətlər alıb. Nəzərov Nadir Rzaqulu oğlu hava almaq üçün eyvanda olduğu vaxt qəfildən beton döşəmə qoparaq uçub.İkinci mərtəbədən yıxılan 84 yaşlı qoca üzərinə düşən beton parçalarının zərbəsindən aldığı xəsarətlərlə şəhər mərkəzi xəstəxanasına aparılıb. Xəstəxanadan aldığımız məlumata görə, Nadir Nəzərov baş və sinə nahiyələrindən zədələr alıb. Yaralının yaxınlarının və məhəllə sakinlərinin sözlərinə görə, eyvanın uçmasına istismar müddətini keçməsi səbəb olub. Müsahibimizin sözlərinə görə, o, hələ keçən il eyvanın yararsız olması ilə bağlı mənzil təsərrüfatı idarəsinə müraciət edib. Hadisə baş verən ərazidə təkcə sözügedən eyvan yox, demək olar ki, hamısı qəzalı vəziyyətdə görünürdü. Sakinlər isə aidiyyatı qurumların yaranmış vəziyyətlə bağlı heç bir tədbir görmədiklərini deyirlər. Şəhər mənzil təsərrüfatı idarəsindən isə bildirildi ki, sözügedən binalar idarənin balansında olsa da, mənzillər vətəndaşların özəl mülkləridir və onların bərpa gücləndirmə işləri də sakinlərə aiddir.İdarə rəhbəri Eyyub Gülməmmədov eyvanı qəzalı vəziyyətdə olan qocanı yersiz yerdə hava almaqda da təqsirləndirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31