Bakıda ölümlə nəticələnən qəzaların səbəbkarları tutuldu
Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi birgə məlumat yayıb
7 Sentyabr 2012 18:45 KriminalPaytaxtın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində son günlər baş vermiş ölümlə nəticələnən iki yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücülər müəyyən edilərək istintaqa cəlb olunublar. Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, avqustun 12-də saat 22:00 radələrində Bakı-Mərdəkan avtomobil yolunun Qala qəsəbəsi istiqamətindəki yol ayrıcının qarşısında Bakı şəhəri istiqamətində hərəkətdə olan naməlum avtomaşının sürücüsü yolu keçən piyada Samirə Səfərovanı və onun əri Bəxtiyar Babayevi vuraraq hadisə yerindən qaçıb. S.Səfərova və B.Babayev xəstəxanaya yerləşdirilib, lakin göstərilən tibbi yardımlara baxmayaraq Bəxtiyar Babayev aldığı xəsarətlərdən xəstəxanada ölüb. Faktala bağlı Xəzər RPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Aparılan təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin "Hunday Sonata" markalı 10 SC 056 dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən sürücü Hüseyn Rzaqulu oğlu İmanov olması müəyyən edilib. O, sentyabrın 6-da şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Bundan başqa, sentyabrın 1-də saat 00:05 radələrində Bakı şəhəri, Azadlıq prospektində yerləşən yanacaq doldurma məntəqəsinin qarşısında naməlum avtomaşının sürücüsü yol hərəkəti qaydalarını pozaraq Türkiyə Respublikasının vətəndaşı, Dönmez Alp Kaan Mustafa oğlunu vuraraq hadisə yerindən qaçıb. Zərərçəkən aldığı xəsarətlərdən hadisə yerində ölüb. Fakta görə Binəqədi RPİ İŞ-də Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanıb.
Həmin cinayət işi üzrə də aparılan təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini "Mercedes" markalı 10 GV 744 dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmiş Hafiz Adıgözəl oğlu Vəliyevin törətməsi müəyyən edilib. O, sentyabrın 6-da şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda hər 2 cinayət işi üzrə istintaq davam etdirilir.