Vergilər Nazirliyi: "Mütəşəkkil dəstə zərərsizləşdirilib"

"Ötən il ərzində Vergilər Na­zir­liyi yanında Vergi Cina­yət­lərinin İbtidai Araşdırıl­ma­sı Departamenti tərəfindən ƏDV fırıldaqçılığı ilə məşğul olan şəxslərin aşkar edilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində mühüm işlər görülüb". Lent.az-ın məlumatına görə, bunu Departament rəisi  Vidadi Məm­mədov nazirliyin qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, 49 cinayət işi üzrə ümumilikdə 32 milyon 950 min 452,94 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınan şəxslərin 49-u barəsində Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı qəbul edilib, onlara ittiham elan olunub, həmin şəxslərdən 9-u barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilərək cinayət işləri ittiham aktı ilə məhkəməyə göndərilib. V. Məmmədov vurğulayıb ki, cinayət işlərinin istintaqı zamanı müəyyən edilib ki, son dövrlər bəzi şəxslər hüquqi şəxsin elektron formada təsis edilməsi ilə bağlı vergi orqanları tərəfindən göstərilən  operativ və şəffaf xidmətlərdən öz cinayətkar məqsədləri üçün istifadə edirlər. "Onlar ƏDV ödəyicisi kimi qeydiyyata durmamaq və vergidən yayınmaq məqsədilə müxtəlif şəxslərin adlarına yüzlərlə müəssisə təsis edirlər. Əksər hallarda təsis edilən hüquqi şəxslərin hüquqi ünvanları eyni olur. İstintaq zamanı ifadə verən şəxslərin bəziləri ilkin ifadələrində heç bir müəssisə təsis etmədiklərini, qısa müddət ərzində tanıdığı şəxslər tərəfindən onlardan notarial qaydada təsdiq edilmiş etibarnamə və adlarına elektron imza alındığını bildiriblər. İstintaq təcrübəsində artıq bir neçə şəxsin elektron imzasının bloklaşdırılmasına nail olunub və həmin şəxslər tərəfindən təsis edilmiş müəssisələrin ləğv edilməsi istiqamətində müvafiq proseslər aparılıb". Rəisin sözlərinə görə, ötən il departament tərəfindən aparılmış əməliyyat-istintaq tədbirləri zamanı 109 müəssisə təsis edərək külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınan 6 nəfərdən ibarət qabaqcadan birləşmiş cinayətkar qrup - mütəşəkkil dəstə zərərsizləşdirilib və həmin şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. "Vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış şəxslərin müxtəlif müəssisələr təsis edərək tender və kotirovkalarda iştirakının qarşısının alınması məqsədi ilə adlarına 1886 müəssisə olan 35 şəxs barədə məlumatlar dövlət orqanlarına, təhsil müəssisələrinə göndərilib".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31