Arvadını və özünü bıçaqlayanın şikayəti rədd edildi

Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirli bilinən Məhəmməd Rufullayevin apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib. Qərara görə, Məhəmməd Rufullayevin apellyasiya şikayəti təmin edilməyib. İttihama görə, Binəqədi rayon sakini Məhəmməd Rufullayev yaşadığı evdə həyat yoldaşı Nuranəyə çoxsaylı bıçaq xəsarəti yetirib. O, arvadını öldürdüyünü zənn edərək daha sonra özünü bıçaqlayıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlara vaxtında tibbi yardım göstərilib və həyatlarını xilas etmək mümkün olub. Məhəmməd Rufullayevin barəsində Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhəmməd Rufullayev 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Məhəmməd Rufullayev apellyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31