Dələduz qadın 10 həbs cəzası aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı dələduzluq edərək onlardan xeyli miqdarda pul alan Rusiya vətəndaşı Sevda Mustafayevanın məhkəməsi başa çatıb.
"OLAYLAR"ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Sevda Mustafayeva 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2008-ci ilin avqust ayında Rusiya Federasiyası vətəndaşı, əvvəllər məhkum olunan Sevda Mustafayevanın Gəncə şəhər sakinləri Fariz Ələkbərov, Samir Zeynalov, Seymur Quliyev, Orxan Əliyev və Fuad Məmmədovun etimadlarını qazanaraq, işə düzəldəcəyi adı ilə müvafiq olaraq onlardan 6.000, 5.500, 5.500, 5.500, 3.500 dollar alması müəyyən edilib.
Sevda Mustafayeva həmin şəxslərdən qeyd olunan vəsaitləri alsa da, vədinə əməl etməyib. Aldandıqlarını bilən vətəndaşlar Sevda Mustafayeva barəsində hüquq mühafizə orqanlarına şikayət ediblər. 2009-cu ilin yanvarında Sevda Mustafayeva barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə barəsində axtarış elan olunub. Sevda Mustafayeva uzun müddət istintaqdan yayınsa da, ötən il həbs edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31