Baş Prokurorluq barda qətl törədənlərə daha ağır cəza istədi

Bakı Apelyasiya Məhkəməsində gecə klubunda qətl hadisəsi törətməkdə təqsirləndirilən Zaur Abdullayev, Tural və Rəşad Ququşovların cinayət işi üzrə məhkəmə başa çatıb.   Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul edilib. Qərardan narazı qalan tərəflər Ali Məhkəməyə kassasiya şikayəti veriblər. Bu səbəbdən də apelyasiya instansiyasında məhkəmə baxışı dayandırılıb və cinayət işi üzrə materiallar Ali Məhkəməyə göndərilib.
2013-cü ilin avqustun 18-də paytaxtın Xəqani küçəsində "Troya" gecə klubunda bir neçə şəxs arasında dava baş verib. Hadisə nəticəsində xəsarət alan Bakı şəhər sakinləri Səbuhi Şərəfov və Orxan Cümşüdov xəstəxanaya yerləşdiriliblər. Səbuhi Şərəfov aldığı bıçaq xəsarətlərindən həmin gün xəstəxanada dünyasını dəyişib.   Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Zaur Abdullayev tutulub. Tural və Rəşad Ququşovlar isə istintaqa cəlb olunsalar da, onların barələrində həbs-qətimkan tədbiri seçilməyib. Onu da qeyd edək ki, Tural və Rəşad əmioğludurlar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib.  Tural və Rəşad Ququşovlar isə məhkəmə zalından həbs olunaraq hər biri 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən Baş Prokurorluq apelyasiya protesti verərək təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib. Həmçinin təqsirləndirilən şəxslərdə cəzalarının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31