Bakıda qətl törədən şəxsin məhkəməsi başladı
7 Yanvar 2015 16:43 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürməkdə, bir nəfəri isə yaralamaqda təqsirləndirilən Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Elnur Tahirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. İttihama görə, hadisə ötən ilin avqustun 9-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində qeydə alınıb. Beyləqan rayon sakinləri Rəşad Əliyev və Səyavuş Orucov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətiriliblər. R.Əliyev aldığı xəsarətdən orada dünyasını dəyişib. İlkin araşdırmalar nəticəsində hadisəni münaqişə zəminində törətmiş şəxsin M.Ə.Rəsulzadə qəsəbə sakini Elnur Tahirov olduğu müəyyən edilib. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E. Tahirov tutulub. Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib məhkəmə baxışı yanvarın 8-nə təyin olunub.