DİN və Baş Prokurorluq birgə məlumat yayıb

Republikanın Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu Gəncənin Nizami rayonunda baş verən hadisə ilə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilir ki, Gəncənin Cavad xan qəsəbəsində inşa edilmiş qanunsuz tikililərlə bağlı Nizami rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tədbir zamanı bir qrup sakin Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstərib. Qanunsuz hərəkətlərin qarşısı alınarkən Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavini, həmçinin, həmin ərazidə ictimai asayişi mühafizə funksiyalarını həyata keçirən 5 polis əməkdaşı və 1  sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb, habelə, polisə məxsus 3 xidməti avtomobilin şüşələri sındırılıb. Xəsarət alanlardan icra hakimiyyətinin başçısı və onun müavini, 1 polis əməkdaşı və 1 vətəndaş 3 saylı şəhər xəstəxanasına yerləşdiriliblər. Gəncə Şəhər Prokurorluğu və Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən dərhal hadisə yerinə baxış keçirilib, xəsarət almış şəxslərin dairəsi müəyyən olunub və digər ilkin zəruri prosessual hərəkətlər aparılıb. Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq qrupu yaradılıb, müvafiq ekspertizalar təyin edilib və digər istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Səmədov Aqil Arif oğlu və Nağıyev Ərşad Elbəyi oğlu saxlanılmışlar. Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31