Ögey oğlunu öldürənə 16 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ögey oğlunu öldürməkdə təqsirli bilinən 1969-cu il təvəllüdlü Ağaməmməd Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Eynulla Vəliyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ağaməmməd Hüseynov 16 il müddətə azadlıqdan məhrum edilib. Hadisə bu il iyulun 30-da Buzovna qəsəbəsi Aydın Xəlilov küçəsi döngə 2, ev 7 ünvanında qeydə alınıb. Həmin mənzildə yaşayan 1969-cu il təvəllüdlü Ağaməmməd Hüseynov oğulluğu, 1981-ci il təvəllüdlü Samir Həsənovu bıçaqlayıb. Ağır bədən xəsarətləri almış Samir Həsənov xəstəxanaya aparılarkən yolda keçinib. Hadisəni törətmiş ata saxlanılıb. Heç bir işlə məşğul olmayan Ağaməmməd Hüseynov daim evə içkili gəlib. O, hadisədən əvvəl həyat yoldaşından içki üçün pul tələb edib. Qadının pul vermədiyini görən Ağaməmməd daha sonra onu döyüb. Anasının döyülməsinə dözməyən oğul araya girib.  Nəticədə Samir Həsənov ilə Ağaməmməd Hüseynovun arasında mübahisə yaranıb. Mübahisə zamanı Samir ögey atasından Ramazan bayramı günü evə içkili gəlməsinə iradını bildirib. Onların arasında mübahisə daha da böyüyüb. Mübahisə zamanı içkili kişi bıçağa əl atıb. O, ögey oğluna bir neçə bıçaq zərbəsi vurub. Aldığı zərbələrin təsirindən Samir Həsənov dünyasını dəyişib. İstintaqa ifadə verən Ağaməmməd Hüseynov törətdiyi əməldən peşman olub. O, hadisəni törədən zaman içkili olduğunu bildirib. Ağaməmməd Hüseynov əməlindən peşman olduğunu deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31