Azərbaycanda bir gündə iki meyit aşkarlandı

Azərbaycanda iki nəfər köməksiz vəziyyətdə qalıb ölüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, paytaxtın Xətai rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enərək daxil olublar. Mənzilə baxış keçirilərkən 1959-cu il təvəllüdlü Əliyev İlham Xanməmməd oğlu döşəmədə yıxılmış vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri İ.Əliyev müayinə etmiş və onun vəfat etdiyini müəyyən edib. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş digər məlumata əsasən, Gəncə şəhəri, Nizami rayonunda, mənzildə, bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən nərdivan vasitəsilə 3-cü mərtəbədə yerləşən həmin mənzilin pəncərəsinə qalxaraq içəri daxil olmuş və mənzilə baxış keçirilərkən 1947-ci il təvəllüdlü Babenko Lida Timafey qızı mənzilin eyvanında hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində L.Babenkonun vəfat etdiyi müəyyən edilib. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31