Bakıda alman ər-arvadı qarət edənlərə hökm oxundu
Quldur dəstəyə 18 il cəza verildi
1 May 2012 18:24 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda əcnəbi vətəndaşlara qarşı soyğunçuluq etməkdə təqsirli bilinən Dəyanət Haqverdiyev və Elman Möhlətovun işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Prosesdə iş üzrə məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Qeyd edək ki, təqsirləndirilən şəxslər 2011-ci il mayın 30-da Bakının Nəsimi rayonu ərazisində Almaniya vətəndaşları Ben Valter Bunterprest və onun həyat yoldaşı Qabirenat Pridstelə qarşı soyğunçuluq ediblər .
Müəyyən edilib ki, mayın 30-da gecə saatlarında işdən qayıdan ər-arvad qəflətən yaşadıqları binanın qarşısında iki nəfərin hücumuna məruz qalıb. Soyğunçular onlarda olan çantanı alıb qaçmağa cəhd edib. Səs-küyə çıxan qonşulardan birinin köməkliyi ilə çantanı həmin şəxslərdən almaq mümkün olub. Əlində dəmir link olan qonşunun qorxusundan soyğunçular çantanı ataraq qaçıblar.
Zərərçəkmiş Alman vətəndaşları Bakıda inşa olunan "Alovlu qullə" mehmanxanasının tikintisində çalışırlar.