DİN Sabirabaddakı güllələnmə ilə bağlı məlumat yaydı
31 Avqust 2012 15:38 KriminalDaxili İşlər Nazirliyi Sabirabad rayonunda polis zabitinin və daha bir nəfərin güllələnməsi ilə bağlı məlumat yayıb. "OLAYLAR"ın nazirlyin saytına istinadən yaydığı məlumata görə, hadisə avqustun 31-də saat 03.00 radələrində Sabirabad rayonunun Xankeçən kəndi ərazisində baş verib. Kənd sakinləri Gülhüseyn Abıyevlə Azad Zeynalov arasında münaqişə baş verib.
Qaragünə Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Eldəniz Quliyev baş verə biləcək ağır cinayətin qarşısını almaq və vətəndaşların həyatını xilas etmək məqsədilə təcili olaraq hadisə yerinə gəlib. Polis zabiti münaqişə tərəflərindən intizama riayət etmələrini və qanunsuz hərəkətlərinə son qoymalarını tələb edib. Polisin qanuni tələbinə məhəl qoymayan G.Abıyev ov tüfəngindən atəş açaraq onu və A. Zeynalovu qətlə yetirib, hadisə yerindən qaçıb.
Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində G.Abıyev tutulub. Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.