Tikintidə baş verən faciədə günahlandırılan icraçının cəzası yüngülləşdirildi
28 Noyabr 2014 15:57 KriminalBakı Apeliyasiya Məhkəməsində tikintidə baş verən faciəli hadisədə təqsirli bilinən iş icraçısı Rövşən Hüseynlinin cinayət işi üzrə məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Rövşən Hüseynlinin cəzası 4 ilə endirilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Hüseynli 5 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Xəzər rayonu Şüvəlan qəsəbəsi Hacı Mövlan bağlar yaşayış sahəsində Cəlilabad rayon sakini Rasim Əliyev bağ evinin tikilməsi üçün Rövşən Hüseynli ilə müqavilə bağlayıb. Rövşən Hüseynli rəhbərlik etdiyi fəhlə briqadası ilə həmin ünvanda bağ evinin inşasına başlayıb. Bu ilin avqustun 20-də tikilməkdə olan bağ evinin beton örtüyü uçub. Orada işləyən Sabirabad rayon sakini Emin Hüseynov, Türkiyə vətəndaşları Mustafa Taşqran və Sevgen Calkan uçqunun altında qalıb. Hadisə zamanı Emin Hüseynov ölüb, Mustafa Taşqran və Sevgen Calkan isə xəstəxanaya yerləşdiriliblər.