Taksi sürücülərini soyan mütəşəkkil dəstənin üzvlərinə 26 il cəza
28 Noyabr 2014 13:23 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücülərinə qarşı quldurluq hadisəsi törətməkdə təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Famil Rəcəbov 10 il, Seymur Zeynalov 8 il, Yavər Abbasov 8 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, 2014-cü il yanvarın 1-də paytaxtın Qara Qarayev prospektində yerləşən bazarın qarşısında Bakı şəhər sakini Natiq Musayevin taksi kimi fəaliyyət göstərdiyi "VAZ-2106" markalı avtomobilə 2 naməlum şəxs minərək onları Bakıxanov qəsəbəsinə aparmağı xahiş edib, Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində N.Musayevə bıçaqla hədə-qorxu gələrək avtomobili əlindən alıb aparıblar. Yanvarın 10-da Sarayevo küçəsində 2 nəfər naməlum şəxs Bakı şəhər sakini Kamil Abbasovun taksi kimi idarə etdiyi "VAZ-2107" markalı avtomobilə minərək Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində ona bıçaqla hədə-qorxu gəlib avtomobili əlindən alıblar. Yanvarın 7-də isə Suraxanı rayonu Zığ qəsəbəsində iki nəfər naməlum şəxs, Bakı şəhər sakini Sənan Şəmilovun idarə etdiyi "Mercedes" markalı avtomobilə sərnişin kimi minərək Zığ şossesinin Qaraçuxur qəsəbəsi ərazisində Sənan Şəmilovu bıçaqla hədələyib avtomobili ondan alıb gediblər. Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Famil Rəcəbov, Tərtər rayon sakini Seymur Zeynalov, Şərur rayon sakini Yavər Abbasov avtomobillərlə birlikdə tutulublar.